Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xəbərlər
18 May , 2021

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonunda “Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hislərinin yüksək səviyyədə aşılanması” adlı onlayn seminar-müşavirə keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman idarəsinin rəis müavini Elvin Həsilov, Qax rayon MKS-nin direktoru Güllü Əhmədova, Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, eləcə də ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı gənclər və yeniyetmələrin sağlam gələcəyinin təmin edilməsi, onların  dövlətimiz üçün düzgün şəxsiyyət olaraq formalaşması naminə görülən işlərin dövlətimizin əsas prioritet fəaliyyət istiqamətlərindən biri olduğu qeyd edilib. Vurğulanıb ki, bu sahədə dövlətimiz tərəfindən düşünülmüş və məntiqli addımlar nəticəsində gənclər siyasətinin səmərəliliyi artırılmış və "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində Prezident cənab İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır. Məkrli məqsədlərinə nail olmaq üçün cəmiyyətimiz arasında xurafatı, dini fanatizmi və dini radikalizmi yayan qeyri-ənənəvi radikal dini cərəyanlara qarşı mübarizədə cəmiyyətimizin, xüsusilə gənclərimizin və yeniyetmələrimizin vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissi ilə tərbiyə edilməsi və bu hisslərin onlara aşılanmasının olduqca vacib olduğu bildirilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.