Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Haqqımızda
3 Sentyabr , 2015

Mədəni və tarixi irsimizin qorunub saxlanılmasında kitabxanaların rolu böyükdür. İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Asur hökmüdarı tərəfindən qurulduğu məlumdur. Misirdə eramızdan əvvəl İsgəndəriyyə kitabxanası  dövrünün ən böyük kitabxanası idi.
Azərbaycanda kitabxana işinin tarixi çox qədimdir. Ölkəmizin ərazisində isə kitabxanaların yaranması IV-VI əsrlərə təsadüf edr. Azərbaycanın ən böyük kitabxanası olan M.F.Axundov adına Milli Kitabxana nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün dünyada şöhrəti olan ən böyük milli kitabxanalardan biri hesab edilir. 

Qax rayonunda ilk kitabxana arxiv sənədlərinə əsaslanaraq demək olar ki, 1906-cı ildə “Qiraət koması” şəklində “İçəri bazar” ərazisində o dövrün maarifçi ziyalılarından olan, Tiflisdəki “Zaqafqaziya” qəzetinin Azərbaycan bölməsinin müdiri Həmzət bəy Qəbulov Şirvanskinin evində fəaliyyət göstərmişdir. H. Qəbulov Şirvanski o dövrün mütərəqqi insanlarını da bu işə cəlb etmiş, onların öz hesablarına kitabxanaya  kitab almalarını təvəqqe etmişdi.

Tarixi mənbələr və araşdırmalar göstərir ki, 1906- cı ildən bu günə qədərki dövrdə  ziyalılarımızın səyi ilə yaradılan mədəni-maarif ocaqları olan kitabxanalar ləğv olunmamış, inkişaf etdirilərək bu günkü səviyyəyə çatdırılmışdır. Qaxda kitabxanalar 1920-ci ildən 1945-ci ilədək Xalq Maarif şöbəsinin nəzdində fəaliyyət göstərmişdir. 1945-ci ildə rayonlarda Mədəniyyət şöbələri təşkil edilərkən bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar mədəniyyət şöbəsinin nəzdinə keçmişdir.

1979-cu ildən rayonumuzda kitabxanalar Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəklində fəaliyyət göstərməyə başladı. Mərkəzi kitabxana  digər kənd kitabxanaları üçün metodik mərkəz rolunu oynayır.1979-cu ildən Mərkəzi kitabxana görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri C. Cabbarlının adını daşıyır.

Qax MKS-i  2003, 2005, 2007-ci illərdə ABŞ-nın Azərbaycanda fəaliyyət göstərən Səfirliyi tərəfindən kitabxana layihələrində iştirak etmişdir. 3 il Regional Kitabxana Məlumat Mərkəzi, Regional Kitabxanaların İnkişafı Proqramı kitabxanada fəaliyyət göstərmişdir (2005-2008) . Bu zaman kitabxana işçiləri kompüter kursları keçmiş və kompüerdə işləməi öyrənmişlər.
               

Azərbaycan Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin 09 yanvar 2014-cü il tarixli 2 №-li əmrinə əsasən Qax MKS-in C. Cabbarlı adına Mərkəzi kitabxanası "İlin Mərkəzi Kitabxanası" nominasiyası üzrə ilin kitabxanası baxış müsabiqəsinin qalibi olmuşdir.

Qax MKS-in tərkibində 33 kitabxana - C. Cabbarlı adına  Mərkəzi kitabxana, 4 şəhər kitabxana filialı və 28 kənd  kitabxan filialları daxildir.

Qax MKS-nin fondunda 4 dildə - azərbaycan, rus, gürcü və ingilis dilində ədəbiyyat vardır. 

Qax rayon Mərkəzi kitabxanasında Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli Qərarına əsasən Mərkəzi kitabxanada  struktur dəyişikliyi edilmiş və yeni şöbələr - Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və İnformasiya-resurs şöbəsi yaradılmışdır.

C. Cabbarlı adına Mərkəzi kitabxanada aşağıdakı şöbələr fəaliyyət göstərir:

Metodiki - biblioqrafiya şöbəsi
Kitabişləmə və komplektləşdirmə şöbəsi
Kitabxana – biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
İnformasiya – resurs şöbəsi
Abonement - oxuculara xidmət şöbəsi, oxu zalı, uşaq şöbəsi

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamına əsasən Qax rayon MKS-nin kitab fondu hədiyyə edilmiş kitabların hesabına zənginləşmişdir. 
Kitabxanada latın və kiril qrafikası və ilə çap edilən kitabların elektron kataloqu, qəzet və jurnalların elektron kartotekası kitabxana istifadəçilərin xidmətindədir. Qax MKS-də bu sahədə davamlı olaraq işlər görülməkdədir.

Hər dövrdə kitabxanaların yeganə vəzifəsi əsrlərin tükənməz sərvətini xalqın istifadəsinə vermək, kitabları, əlyazmaları, yazılı abidələrimizi qoruyub saxlamaq, yaşatmaq, gələcək nəsillərə çatdırmaq olub. Bizim də vəzifəmiz xalqa xidmət etmək, milli sərvətimizi qorumaq, gələcək nəsillərə çatdırılmaqdan ibarətdir.


Ünvanımız:
Qax rayonu, Azərbaycan prospekti - 30
Telefon: 02425-5-32-07;  02425-4-28-89 
Faks:      02425-5-22-83
web sayt: KİTABXANA PORTALI- gakh.cls.az 
e-mail: qax.mks@mail.ru