Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
14 Oktyabr , 2015

          Sofiyeva Aynur Məmmədiyyə qızı 19 iyul 1970-ci ildə Azərbaycan Respublikasının Qax şəhərində anadan olmuşdur. 1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci (birbaşa) sinifinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir.

1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşdur. 1991-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası da almışdır.

1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışmışdır. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. 6 yaşında gənclər arasında rayon çempionu, 14 yaşında qızlar arasında, 15 yaşında qadınlar arasında Azərbaycan çempionu, 16 yaşında qızlar arasında SSRİ çempionu adını qazanmışdır. 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), həmin ildə 20 yaşadək qızlar arasında dünya çempionatının gümüş medalçısı, 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanmış, bir çox beynəlxalq turnirlərin qalibi olmuşdur.1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, Islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanmışdır. 2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olmuşdur.

2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

Futbolçu Yunis Hüseynov ilə ailəlidir, 2 övladı var.