Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xarici yaşayan tanınmış azərbaycanlılar
2 Noyabr , 2015

İren Məlikoff 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda ziyalı ailəsində anadan olmuşdur. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. Bolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb. Bu ölkədə bir qədər qaldıqdan sonra onlar həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar. Ailəsilə birlikdə Fransaya köçmüşdür. Azərbaycanlıdır, filologiya elmləri doktoru, professordur. Parisdə ingilis dilində litsey bitirmişdir. Sorbonna Universitetində təhsil almaqla eyni zamanda, Şərq Dilləri İnstitutunda oxumuş, ərəb, fars və türk dillərini öyrənmişdir. 1947-ci ildə Fransaya qayıdaraq "Orta əsrlər Türkiyə eposları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və Strasburq Universitetinin professoru olmuşdur. Onun elmi maraq dairəsi çox əhatəlidir. O, 400-ə qədər elmi işin müəllifidir. "Koroğlu", "Umur paşa", "Məlik Danişmənd", "Seyid Batddal", Babək hərəkatı, Qızılbaşlar tarixi, Əbu Hüseyn Xorasaninin yaradıcılığı, Xətai, M. F. Axundov və bir sıra başqa monoqrafiyaların və ədəbiyyatşünaslıq tədqiqatlarının müəllifidir. İ. Melikoffun səyi nəticəsində Strasburq universitetində türk şöbəsi yaradılmışdır. Sonradan İren xanımın direktor olduğu həmin şöbə elmi-tədqiqat institutuna çevrilmişdir. Bu institutda Azərbaycan mədəniyyətini öyrənən mərkəz yaradılmışdır. 1966-cı ildə İ. Melikoff "Türkika" adlı jurnal nəşr edərək burada fransız oxucularını türk xalqlarının tarixi, ədəbiyyatı və mədəniyyəti ilə tanış edir. Bu jurnalda Anarın, Çingiz Hüseynovun, Sara Aşurbəylinin, Tofiq Məlikovun və bir sıra başqa azərbaycanlı müəlliflərin əsərləri çap olunmuşdur.

Melikoff İren xanım Fransa və Azərbaycan mədəniyyət əlaqələri mərkəzinin sədri olmuşdur.