Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xarici yaşayan tanınmış azərbaycanlılar
2 Noyabr , 2015

     Ümmülbanu 1905-ci ildə – Bakıda varlı bir ailədə anadan olub. Anadan olandan az sonra anası dünyasını dəyişir. Körpə Ümmülbanuya alman qadın –Fraylan Anna həm analıq, həm də dayəlik edir. Ümmülbanunun atası Mirzə Əsədullayev (Şəmsi Əsədullayevin oğlu) bir çox ölkələrdə filial və şöbələri olan böyük neft firmasına rəhbərlik edib. Sonralar Ümmülbanunun atası ikinci dəfə, Avropada təhsil almış bir qadınla evlənir. Ümmülbanu ögey anasının sayəsində Avropa mədəniyyəti ilə tanış olur. Onun təşəbbüsü ilə fransız dilini, ingilis dilini mükəmməl öyrənir. Beləliklə, balaca Ümmülbanu həm şərq, həm alman, həm də rus adətləri ilə böyüyür. Bakıda  erməni-rus birləşmələrinin təxribatlarından sonra Mirzə Əsədullayev ailəlikcə İrana köçməyə məcbur olur. 6 ay İranda yaşayan ailə yenidən Bakıya qayıdır. Ümmülbanunun atası Mirzə Əsədullayev Azərbaycan Xalq Cümhuriyyətinın Ticarət naziri təyin olunur. ADR-in süqutundan sonra Mirzə Əsədullayevin mülkü dövlət tərəfindən müsadirə olunur, o, Fransaya mühacirət edir. Ümmülbanu isə Cəmil adlı bir mühəndislə ailə qurur. 1924-cü ildə isə Ümmülbanu əvvəl Türkiyəyə, daha sonra Fransaya köçür. Paris həyatı, xüsusilə 20-30-cu illərin ədəbi mühiti Ümmülbanuya ciddi təsir göstərir, onu yazıb-yaratmağa həvəsləndirir. O, Fransada Benin imzası ilə tanınır. Yazıçının ilk romanı “Hami” 1934-cü ildə nəşr olunur. Mövzusu Azərbaycan həyatından götürülmüş bu əsərdən sonra Banu Fransa ədəbi ictimaiyyətinin diqqətini cəlb edən “Qafqaz günləri” adlı avtobioqrafik romanını, “Ernst Yunkerlə görüş”, “Mən tiryəki seçdim”, “Sonra”, “Yad Fransa”, “Paris günləri”, “Son ümidin çağırışı”, “Uninin son hacəti” əsərlərini qələmə alır. Ümmülbanunun tərcüməçilik fəaliyyəti də əhatəli və maraqlıdır. O, Dostoyevskinin “Özgə arvadı” əsərini, Tatyana Tolstoyun xatirələrini rus dilindən, Ernst Yunkerin “Sülh” romanını almancadan, Qriqori Martonun “Dostum Blizzar” və V.T.Vakdın “SerPolun, həqiqətən, dedikləri” əsərlərini ingiliscədən fransız dilinə tərcümə edir. Yazıçının “Qafqaz  günlərində” 20-ci illərə qədərki tariximiz, milli mədəniyyətimiz, adət ənənələrimiz haqqında məlumatlar vardır.Yazıçı Parisdə “Azərbaycan evi” Assosiasiyasının üzvü idi. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz  xalqını müdafiə edən məqalələrlə çıxış edir. Ümülbanu 1992-ci il oktyabrın 29-da  vəfat edib.