Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xarici yaşayan tanınmış azərbaycanlılar
3 Noyabr , 2015

1907-ci ildə Bakı şəhərində dünyaya gələn Almas İldırımın əsl adı İldırım, ailə ləqəbi isə Almaszadədir. Azər baycanda Sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu Sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə gətirir. Daha sonra isə varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir. 

1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə “Dün bugün” adlı şeir məcmuəsinin müəllifi olur.1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə İldırım Dağıstana sürgün edilmişdir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” adlı şeirlərini yazmışdır. Dağıstanda qaldığı ikiillik sürgündə onun şairlik ilhamı sönməmiş, şeirləri Dağıstanın yüzlərlə vətənpərvərlərinin əllərində dolaşmışdır. Şairin şeirləri “Dağlara səslənirkən” adı altında kitab kimi nəşr edilmiş, lakin əks-inqilabi fikirlər daşıdığı üçün qadağan olunmuş və tirajı müsadirə edilmişdir. Bundan sonra onu Türkmənistana sürgün etmişlər. Əslində bu sürgünlər türk dünyasını tanımaqda şairə kömək etmiş və onun bu baxımdan dünyagörüşünü genişləndirmişdir. A.İldırımı Türkmənistanda da yaşamağa qoymamışlar.1933-cü ilin iyun ayında o, yenicə evləndiyi arvadı Zivər xanımıvə üç aylıq körpəsi Azəri də götürüb İrana köçmüş, lakin burada da “bolşevik casusu” damğası ilə təqib və təzyiqlərə məruz qalmışdır. 

Bir müddət həbsdə yatdıqdan sonra Almas İldırım İranda qala bilməyərək tezliklə Türkiyəyə getmiş və 1934-cü ildə Türkiyə vətəndaşlığına qəbul edilmişdir.

1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat etmişdir.