Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Xarici yaşayan tanınmış azərbaycanlılar
3 Noyabr , 2015

Tarixdə dünyanı gəzib-dolaşan çox səyyahlar olub. Lakin İran yaylasını, Orta Asiyanı, Afrika səhralarını, Hindistanın tropik meşələrini gəzən, Pamir dağlarını aşan və bir çox ölkələr dolaşan tək bir səyyah yaşayıb. Bu, azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvanidir.

O, 1780-ci ildə Şamaxıda dünyaya gəlib. Beş yaşında ikən valideynləri İraqın Kərbəla şəhərinə köçüb. İbtidai təhsilini burada atasının dərs dediyi mədrəsədə alır. 1796-cı ildə Bağdada gedərək orada fəlsəfə, tibb, astronomiya və riyaziyyat kimi dünyəvi elmlərə yiyələnir. Ərəb, fars dillərini mükəmməl öyrənir. Bağdad kitabxanalarında səyahətnaməyə aid çoxlu kitablar oxuyur. Şərq dünyasından buraya axışıb gələn alimlərlə, ziyarətə gələn zəvvarlarla həmsöhbət olur. Onların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir aləm açır. Elə o vaxtdan da dünyanı gəzmək, onun möcüzələrini görmək qərarına gəlir.

Onun birinci səyahətinin yol xəritəsində bu yerlər göstərilir: Bağdad, İraqi-Əcəm, Gilan, Şirvan, Muğan, Talış, Cənubi Azərbaycan, Xorasan, Herat, Benqal və Qucarat, Hind okeanındakı adalar: Sind və Multan. Sonra dağ yolları ilə Kəşmirə, Müzəffərabada çatır. Geri dönərkən Bədəxşan dağları ilə Xorasana gəlib çıxır. Bir qədər istirahət etdikdən sonra ikinci səyahətə çıxır. Bu dəfə yoluna Şirazdan başlayır. Bəndər-Abbas limanından Hörmüz yolu ilə Yəmənə, sonra Həbəşistan və Sudana, oradan da Ərəbistan yarmadasında olan Ciddəyə gedib çıxır. Sonra Hicaz, Mədinə və Məkkədə olur. Dəniz yolu ilə Misirə, Nil çayı sahillərinə gedir. Misirdən Yaxın Şərqə, Anadoluya, Diyarbəkirə, Qaraman və Aydına keçir. Hacı Zeynalabdinin üçüncü səyahətində Tehran, Həmədan, İsfahan, Şiraz və s. şəhərlərdə olur, Anadolunu, Osmanlı imperiyasının qərb sərhədlərini gəzir, Avropadan Atlantik okeanı sahillərinə gedib çıxır.

Bu səfərlər zamanı xeyli alimlə yaxından tanış olub. Olduğu bir çox ölkələrdə çox böyük hörmətlə qarşılanıb. Misir hakimi İbrahim bəy, İran hökmdarı Fətəli şah Qacar, Osmanlı sultanı Mahmud və başqaları onu sarayda qalmağa dəvət ediblər. Lakin o, narahat səyyah həyatını, rahat saray həyatından üstün bilib. O, həm də şair olub. “Təmkin” təxəllüsü ilə şeirlər yazıb. Həmin şeirlər onun “Səyahətnamə”lərində yer alıb. Əlyazmaları Tehran kitabxanasında, Britaniya Muzeyində, Parisdə, Sankt-Peterburqda saxlanılır.

 Uzun yollar yorğunu səyyah ömrünün yarıdan çoxunu səyahətdə keçirib geri dönür. 1820-ci ildə Şiraz şəhərinə gəlir. Ailə qurur. Cəlaləddin Məhəmməd və Hüsaməddin Əli adında iki oğlu olur. H.Z.Şirvaninin son səyahəti həyat yoldaşı ilə birlikdə çıxdığı Həcc ziyarəti olur… O, 1838-ci ildə həmin səfər zamanı yolda xəstələnir. Middə şəhəri yaxınlığında dünyasını dəyişir və orada dəfn olunur.

Hacı Zeynalabdin "Riyazüs-səyahət " ("Səyahət bağçası"), " Hədaiqüs-səyahət" ("Səyahət bağları") və " Bustanus-səyahət " ("Səyahət gülzarı") adlı əsərlər yazıb. Bu kitablarda bir çox ölkələrin tarixi, coğrafiyası, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verib.

  Savalan Fərəcov.-Mədəniyyət.- 2011.- 27 aprel.- S. 13.