Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xarici yaşayan tanınmış azərbaycanlılar
3 Noyabr , 2015

Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq  Fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuş, 60 il ədliyyə sistemində işləmişdir. Siyasətə az qarışmasına baxmayaraq, demokratiyaya bağlılıq varlığının ən işıqlı tərəfidir.

Bir müddət Yeni Türkiyə Partiyasının üzvü və onun İstanbul təşkilatının başçısı olmuşdur.

İngilis dilini mükəmməl bildiyinə görə dünya ədəbiyyatını türkcə ilə bərabər bu dildə oxumuşdur.

Şərq və Qərbin ədliyyə aləmindəki onlarca böyük tədbirin ən fəal iştirakçısı, Beynəlxalq Qadın Vəkillər Şurası prezidentinin müavini, bir sıra hüquq komissiyalarının üzvü olmuşdur.

İstanbulda “Cocuq dostları” dərnəyi təşkil etmişdir.

Təbiətcə nikbin olan, ən ağır anlarında ruhdan düşməyən Sürəyya xanım irticaçıların təqiblərinə məruz qalmış, həyatı faciəsiz, itkisiz keçməmişdir. Pakistan Qadınlar Birliyinin konfransından (1952) sonra bəzi türk qəzetlərinin hücumuna məruz qaldıqları zaman belə bir cavab yazmışdır:

“Baş örtüldükdə görünməmiş inqilab əleyhdarları olaraq anlaşıldığını təəssüflə oxuyub təsirləndim. İnqilab qurşağa qədər açıq gəzmək və ya başını örtmək deyil, bir zehniyyat məsələsidir. Bir məmləkətin adət və vərdişlərinə uyğunlaşıb baş örtmək inqilaba qarşı çıxmaq demək deyildir. İnqilabı öyrənməyə ehtiyacım yoxdur, zira mən inqilabın rəmziyəm”. 

O, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təsisçisi olmuşdur. Bir sıra hüquqi məqalələrin, "Londonda gördüklərim" və "Bir ömürdə belə keçdi" kitablarının müəllifidir. 29 dekabr 1989-cu ildə vəfat etmişdir.