Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Görkəmli şəxsiyyətlər
3 Noyabr , 2015

"Qafqazın qızılgülü”-Kərimət xanım.

XIX əsrdə gözəlliyinə, cazibədarlığına görə bütün çar Rusiyası ərazisində "Qafqazın qızılgülü” adı ilə tanınan Kərimət xanım, sonuncu İlisu sultanı Daniyal sultanın qızı, Şeyx Şamilin ikinci oğlu Qazı Məhəmmədin həyat yoldaşı olub. Bir neçə il öncə onun qəbrinin yerini müəyyənləşdirmək mümkün olub. Şəki şəhərinin qədim qəbiristanlıqlarında qəbirüstü epiqrafik abidələri tədqiq etməklə məşğul olan ekspedisiya bir neçə il öncə öz işini uğurla başa vurub. Kərimət xanımla bağlı mövcud olan tarixi faktlar maraq kəsb etdiyindən onun dəfn olunduğu yerin dəqiqləşdirilməsi qərarına gəlinib. Sözü gedən məsələ ilə bağlı təşkil edilmiş ekspedisiyanın işinəərəbşünas mütəxəssislər, filoloqlar və sair mütəxəssislər cəlb edilib. Şəkinin qədim qəbiristanlıqlarından birində ekspedisiya üzvləri tərəfindən Kərimət xanımın qəbri aşkarlanıb. Tarixçi C. Soltanovun qeydlərinə görə Şeyx Şamil çar Rusiyasına təslim olduqdan sonra (26 avqust 1859 – cu il) Kərimət xanım Şamilin ailə üzvlərindən biri kimi Kaluqada sürgün həyatı yaşayıb və öyrəşmədiyi iqlim şəraitinin təsiri ilə vərəm xəstəliyinə tutulub. O, çar Rusiyasının ən məşhur həkimlərinin ciddi səylərinə baxmayaraq 1862-ci il mayın 4-də Kaluqada vəfat edib. Doğulub boya-başa çatdığı tarixi Zaqatala dairəsinə hədsiz məhəbbət bəsləyən Kərimət xanım ölüm ayağında tarixi Zaqatala dairəsində, İlisuda dəfn olunmasını xahiş edib. Kərimət xanımın Kaluqada xəstələnərək vəfat etməsi imperator II Aleksandrı təsirləndirib. İmperatorun göstərişi ilə Kərimət xanımın cənazəsi dörd bir yanı aypara – ulduz nişanları ilə bəzədilmiş, xüsusi sarkofaqa qoyularaq atası Daniyal sultanın sürgün həyatı keçirdiyi Nuxaya göndərilib və burada Daniyal sultanın iştirakı ilə dəfn edilib. Hətta Rusiya imperiyası qarşısında xüsusi xidmətləri olan generallar Qafqaz müharibəsində həlak olduqda cənazələri Rusiyaya göndərilmir, onları həlak olduqları yerdə dəfn edirdilər. Eyni zamanda çar Rusiyasının hakim dairələri Qafqazdakı məmurlarına göstəriş vermişdilər ki, Kərimət xanımın cənazəsinin İlisu da daxil olmaqla tarixi Zaqatala dairəsinin heç bir yerində dəfn olunmasına icazə verilməsin. Çar Rusiyasının məmurları qorxurdular ki, cənazə Zaqatala dairəsində dəfn olunarsa, Kərimət xanımın qəbri əhalini çar Rusiyası əleyhinə səfərbər edən növbəti bir simvola çevrilə bilərdi. Bu üzdən də Kərimət xanım Nuxa ərazisində dəfn edilmişdi.

Kərimova Mətanət.-jurnalist.-Oğuz