Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xarici yaşayan tanınmış azərbaycanlılar
11 Noyabr , 2015

Fərman Salmanov 28 iyul 1931-ci ildə Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf və ya onların kəşfində iştirak etmişdir. Belə nəhəng yataqlardan Mamontov, Megiyon, Pravdinsk, Üst-Balıq, Surgut, Urengoy, Yamburq və s. misal göstərmək olar. 1966-cı ildə Salmanov Sosialist Əməyi Qəhrəmanı, 1970-ci ildə isə Lenin mükafatına layiq görülmüşdür. 1978-ci ildən 1987-ci ilə qədər Salmanov Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiyaya" rəhbərlik etmişdir. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləmişdir. Ölümünə qədərki dövrdə isə Rusiyanın "İtera Qaz Şirkəti" prezidentinin məsləhətçisi kimi çalışmışdır.

Fərman Salmanov eyni zamanda geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir.

31 mart 2007-ci ildə Moskva şəhərində vəfat edib.