Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xarici yaşayan tanınmış azərbaycanlılar
25 İyul , 2016

Dünyada tanınan azərbaycanlı alim Xəlil Kələntərlə müsahibədən bir hissə

- Uzun illərdir k, Azərbaycanda yaşamırsınız. Sizin üçün Azərbaycan sözü nəyi ifadə edir?

-Mənim köküm, fikirlərim Azərbaycana bağlıdır. Bu həqiqət həyatımın sonuna qədər dəyişməyəcək. Mən bir türk, Azərbaycan oğluyam. Yapon dili və mədəniyyəti də belə bir təməl üzərində inşa edilib.

- Xəlil Kələntərin uğurlu fəaliyyəti hər kəs üçün bir örnəkdir. Bəs, ailə başçısı kimi özünüzü necə xarakterizə edərdiniz?

-Bütün cəmiyyətlərdə özünəməxsus problemlər mövcuddur. Yaponiyada da, Azərbaycanda da müəyyən problemlər var. Amma bununla yanaşı problemlər də bir-birindən fərqlənir. Əsas olan həmin problemləri həll edə bilməkdir. Ailə və iş mənim üçün çox vacibdir. Amma iş daha məsuliyyətlidir. Çünki mənim inkişafım və böyüməyim sözün yaxşı mənasında xalqımı irəli çəkəcək.

- Sizi dünyaya tanıdan elmi uğurlarınızın sirri nədir?

-Həyat mənə çoxlu imkanlar bəxş edib. Bu imkanlardan faydalanmaq üçün güclü olmaq lazımdır. Bilirəm ki, bu yolda məni həm əziyyət həm də xoşbəxtlik gözləyir. Bundan əlavə olaraq eşitmək və fikirlərimi ifadə etmək üçün bir böyük qulağım var. Bu da mənim uğur sirrimdir. Sürətli çalışmaq istədiyiniz zaman sizə hər şey haqqında yavaş-yavaş düşünmək üçün vaxt lazımdır. Böyük qulaq və kiçik ağız mənim üçün əsas anlayışdır.

- Azərbaycanda çoxları bilməsə də, siz LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısınız.

-Mən maye kristal displeyin arxa fon işıqlarının yaradıcısıyam. Dünyada 67% paya sahib olmuşam. Hal-hazırda dünyada QD (Kvant Nöqtələri ) arxa işıqlandırma və maye kristal filtrlərdən istifadə olunmağa başlanıb. Maye kristal ekranlar yaxın gələcəkdə daha geniş formada istifadə olunacaq.

Mən LCD-lərin arxa işıqlarına müəyyən əlavələr etmişəm. Çoxlu sayda patent, məqalə və kitablarım var. Bütün həyatım boyunca işimə çox önəm vermişəm. Ruhum həmişə ac olub. Hər zaman, her yerdə maraq, kəşf, innovasiya barəsində düşünmüşəm. Mən onların məzmununu başa düşmək, anlamaq istəyirəm. Özüm üçün yeni bir konsepsiya kəşf etmək üçün əmək sərf edirəm. Mən yeni bir fikir ortaya çıxarmaq istəyirəm.