Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
21 Fevral , 2017

20 fevaral Beynəlxalq Ana dili günü münasibətilə Şəki Regional Mədəniyyət və Turizm İdarəsi nəzdindəki Qax MKS C. Cabbarlı adına Mərkəzi Kitabxanada “Ana dilimiz ədəbiyyatımızda” adlı tədbir keçirildi. Tədbirdə  Mərkəzi kitabxananın direktor müavini Ahidə Əfəndiyevanın “Mənim ana dilim, mənim kimliyim“ mövzusunda məruzəsi dinlənildi. Məruzədə göstərildi ki, 21 fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.   

Məruzə ətrafı çıxışlarda müəllimlərdən Ruhəngiz Abdullayeva, kitabxananın işçisi şairə Solmaz Elqızı öz fikirlərini  bölüşdülər. Kitabxananın “Mütaliə klubu”nun üzvlərindən şəhər 4 saylı tam orta məktəbin şagirdləri Otaraşvili Diana, Qadaşlı Abidət, Hacızadə Ramazan, Cəmilli Nailə, Abdullayeva Ləman, Bilalova Aysun şair və yazarlarımızın ana dilimizi vəsf edən şerlərini səsləndirdilər.Tədbir iştirakçıları “Ana dilim, milli varlığım” adlı sərgi ilə tanış oldular.