Qax rayon Mərkəzi kitabxanası

Qax rayon MKS
Xəbərlər
5 Oktyabr , 2017

Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu peşə bayramını qeyd edirlər. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.
Birləşmiş Millətlər Təşkilatı XXI yüzilliyi “Təhsil əsri” elan edib. Qətiyyətlə demək olar ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki kimi aktual olmayıb. Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir. Təhsilin məzmunu nə qədər yüksək və mükəmməl, maddi-texniki bazası nə qədər möhkəm, biliklərin ötürülməsi vasitələri nə qədər təkmil və müasir olsa da, əgər müəllim yoxdursa, heç nədir. Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir.

Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.

Bayramınız mübarək, əziz müəllimlər!