Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Xəbərlər
31 Oktyabr , 2017

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 31-də Qax şəhərində “Milli mətbəx və bal bayramı” keçirilib. Rayon Mədəniyyət Mərkəzində təşkil edilən bayram tədbirində Qaxın, eləcə də qonşu Zaqatala, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.

Bayram tədbirinin iştirakçıları əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin nümayiş etdirildiyi sərgilərlə tanış olublar. Burada sərgilənən Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, gürcü və ləzgi mətbəxinə aid nümunələr, həmçinin arıçılıq məhsulları, Şəki mətbəxinə aid piti, ətli, noxudlu dovğa, ballı xəşil, dobuda tənək dolması və bozbaş, qənnadı məmulatları, müxtəlif növ şirniyyatlar, Zaqatala mətbəxinə aid sacda bişirilən maxara, fəsəli, yuxa, qutab və digər nemətlər, Oğuz mətbəxinə aid döşəməli plov tədbir iştirakçılarının böyük marağına səbəb olub. Şəkidən təşrif buyurmuş zurnaçılar dəstəsinin ifa etdiyi el havaları bayram iştirakçılarında xoş ovqat yaradıb.

Bayram tədbiri sonra Mədəniyyət Mərkəzinin zalında bədii proqramla davam edib. Konsertə başlamazdan əvvəl Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova və Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, belə tədbirlərin bölgənin milli mətbəxinin təbliği və tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, xalqımızın malik olduğu maddi və qeyri-maddi irsin qorunması və təbliği işi ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin mühüm tərkib hissələrindən biridir.

Şəkinin “Zirvə” xalq instrumental ansamblının təqdim etdiyi konsert proqramı tədbir iştirakçılarının ürəyincə olub.

Qaxda “Milli mətbəx və bal bayramı”nın ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.