Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
18 Aprel , 2018

 Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Xalqın mənəvi xəzinəsinin, “mən”inin cəmləşdiyi bu maddiyyat insanlara ulu əcdadlarından danışır, milli özünüdərkin formalaşmasında mühüm rol oynayır. Abidələrin və tarixi yerlərin qorunması, gənc nəslə tanıdılması bizim müqəddəs borcumuzdur.

Azərbaycanın ecazkar və tarixi məkanlardan biri olan Qaxımız da öz tarixi abidələri və müqəddəs yerləri ilə seçilir. Qax rayonunun ərazisində uzaq keçmişimizdən xəbər verən tarixi abidələr çoxdur.Rayonda 70-ə yaxın tarix və mədəniyyət abidəsi qeydə alınıb. Bunlar dünya abidələri siyahısına salınan Ləkit məbədi, Qum məbədi, Ulu körpü, Ulu  məscid, Sumuq qalası və başqalarıdır.  

Qax rayon Mərkəzi Kitabxanasında hər il “Tarixi məkanlarımızı tanıyaq və tanıdaq!” adı altında tarixi yerlərə səyahət təşkil edirik. Bu günkü tədbirimizin ünvanı  Oncallı kəndinin Oğuz qəbiristanlığı oldu...

Bu tarixi məkanda Hacı Tapdıq babanın və Şeyx Yunus Əmrənin qəbirləri uyuyur. 

Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, bu görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz qəbiristanlığı  adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir.

Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur. 

Ziyarətgahı gəzərkən  Hacı Tapdıq və Şeyx Yunus Əmrə ziyarətgahının imamı Nəzir Məmmədov bu müqəddəs ziyarətgah, orada uyuyan hacı Tapdıq və Yunus Əmrə haqqında maraqlı məlumatlar verdi. Məzarlıqda uzaq  keçmişdən xəbər verən çoxlu daş kitabələr vardır.

Ziyarətgahı dolaşdıq, daş kitabələrimizi nəzərdən keçirdik, müqəddəslərimizi ziyarət etdik.

Mərkəzi kitabxana Baydarlı və Qıpçaq kənd kitabxana filialları ilə birgə təşkil etdiyi  səyahətdə kitabxanalarımızın fəal oxucuları da iştirak edirdilər.  

Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Dilarə Əzizova iştirak etdi.

 

Foto Qalereya