Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xəbərlər
20 İyul , 2018
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin çap olunmasına nail olmuş və qəzetin ilk sayı 1875-ci ilin iyulun 22-də işıq üzü görmüşdür. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmləməsində böyük rol oynamışdır. Qəzetin müttərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdır. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (1880-1890-ci illər) qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvələrində C.Məmmədquluzadə, M.Şaxtaxtiniski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Həmin dövrdə "Həyat", "Açıq söz", "Azərbaycan" kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxmışdır. 1906-ci ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqanı qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və mətbuat azadlığı şəraitini yaxşılaşdırmaqdır.