Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xəbərlər
29 Sentyabr , 2018
Zaqatala rayonunda kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə sentyabrın 29-da I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib.
Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan festivalda ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, həmçinin fındıq istehsalçıları və ixracatçıları, şəhərin qonaqları və rayon sakinləri iştirak ediblər.

Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub, “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini əyani izləyiblər.

Festivalda fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdirilib. Festival iştirakçıları fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olub, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxıblar. Həmçinin fındıq, qoz və şabalıdla bağlı müsabiqələr keçirilib, qaliblər mükafatlandırılıb.

I Beynəlxalq fındıq, qoz və şabalıd festivalı Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki meydanda bədii proqramla davam edib.


Foto Qalereya