Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
26 Noyabr , 2018

 

Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı,  Qax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə noyabrın 25-də Qax şəhərində növbəti “Milli mətbəx festivalı” keçirildi.

Qax mətbəxinin özünəməxsusluğu nəzərə alınaraq, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, Qax şəhəri 2015-ci ildə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edilib. Həmin ildən etibarən Qaxda hər il “Milli Mətbəx Bayramı” qeyd olunur.
Səməd Vurğun adına rayon Mədəniyyət Mərkəzində təşkil olunan festivalda Qaxın, eləcə də qonşu  Balakən, Zaqatala, Şəki və Oğuz rayonlarının milli mətbəxinə aid nümunələr, həmçinin xalq sənətkarlarının, tətbiqi sənət ustalarının əl işləri nümayiş etdirilib.

Bayram tədbirinin iştirakçıları əvvəlcə bölgə kulinarlarının hazırladıqları milli mətbəx nümunələrinin sərgisi ilə tanış olublar. Sərgidə Qax mətbəxinə aid xəmir xörəkləri, müxtəlif növ plov, dolma və digər milli yeməklər, qaxac olunmuş ətdən hazırlanan xörəklər, gürcü və ləzgi mətbəxinə aid nümunələr, Şəki mətbəxinə aid piti, ətli, noxudlu dovğa, ballı xəşil, dobuda tənək dolması və bozbaş, qənnadı məmulatları, müxtəlif növ şirniyyatlar, Zaqatala mətbəxinə aid sacda bişirilən maxara, fəsəli, yuxa, qutab və digər nemətlər, Oğuz mətbəxinə aid döşəməli və əvəlikli plov tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Bayram tədbiri Mədəniyyət Mərkəzinin zalında konsert proqramı ilə davam edib. Tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova bölgənin milli mətbəxinin təbliği və tanıdılması baxımından belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, zəngin mətbəxi ilə seçilən Qax rayonunda “Milli mətbəx bayramı”nın keçirilməsi artıq ənənəyə çevrilib.  

Foto Qalereya