Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
4 Fevral , 2019
Qəbulzadə Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu, Q a z ı b a b a (1853 – 1943) – maarifpərvər din alimi, Qax bölgəsinin qazısı, ictimai-siyasi xadim. Yerli ruhanilərdən, Dağıstan üləmalarından dərs almış, sonra iki il Bağdadda oxuyaraq, həm də dünyəvi elmləri mənimsəmişdir. Zaqatala dairəsində nüfuzlu əfəndi kimi tanınan A.Qəbulzadə Qax bölgəsinə qazı – şəriət məhkəməsinin hakimi təyin edilmişdir. O, həm də Qaxmuğal məscidi nəzdində məktəb açaraq müəllimlik edirdi. Görkəmli dövlət xadimi, akademik İmam Mustafayev də Abdulla əfəndidən dərs almışdır.
A.Qəbulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını alqışlamış və yerli əhalini yeni dövlətə sədaqətlə xidmətə çağırmışdır. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Qaxda olarkən Abdulla əfəndi onun təmtəraqla qarşılanmasını təşkil etmiş və İslam bəy Qəbulovun evində paşa ilə görüşmüşdür. 
A.Qəbulzadə 1919-cu ilin yanvarından Zaqatala AXC parlamentinə deputat seçilmişdir. Əvvəlcə bitərəf olmuş, sonra “Əhrar” (“Azadlıqsevər”) partiyasına keçmiş, qanun layihələri hazırlayan komissiyada fəaliyyət göstərmişdir. O, parlament müzakirələrində sırf xalq mənafeyindən çıxış edirdi.
Bundan sonra parlament fəaliyyətindən soyuyan A.Qəbulzadə səhhəti və ailə vəziyyəti ilə əlaqədar noyabrda istefa vermişdir. Onun yerinə oğlu Baba bəy Qəbulov seçilmişdir.
Sovet dövründə də Qaxda yaşayan Abdulla əfəndini dəfələrlə Bakıya – universitetin şərqşünaslıq fakültəsində dərs deməyə dəvət etmişdilər. Lakin o, ahıl yaşda olduğuna və səhhətinə görə getməmişdir.
A.Qəbulzadə 1930-cu illərin repressiya dalğasından xeyli sonra, 1942-ci ildə həbs edilmiş, lakin yaşının çoxluğuna görə bir neçə gündən sonra buraxılmışdır. Onu həbs edərkən son dərəcə zəngin və qiymətli kitabxanasında nə varsa, hamısını aparıb yandırmışdılar.
A.Qəbulzadə indiki Qax şəhər qəbiristanlığında dəfn olunmuşdur.
Ə d ə b i y y a t: Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri (səkkizinci buraxılış), Bakı, 2012, səh. 218–220; T a h i r z a d ə Ə d a l ə t. “Qəbulzadə Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu”, “525-ci qəzet”, 20 mart, 3, 10 aprel 2011-ci il.