Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
6 Fevral , 2019
Əmin Əfəndiyev - elmə, mədəniyyətə təmənnasız xidmət nümunəsi ,filologiya elmləri doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikada elmi mühitin Azərbaycan ədəbiyyatı, ədəbi tənqid və ədəbi əlaqələr sahəsində çoxsaylı elmi əsərlərin müəllifi və milli biblioqrafiya məktəbinin əsasını qoyan peşəkar biblioqraf.Əmin Əfəndiyev Qax rayonunun İlisukəndində müəllim ailəsində anadan olub. 
1941-1952-cı illərdə Qax rayon orta məktəbində təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin “Kitabxanaşünas-biblioqraf” ixtisasını bitirib. Əmək fəaliyyətinə Universitetin kitabxanasında başlayıb, sonra M.F.Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasında (1958-1976) baş biblioqraf, məlumat-biblioqrafiya şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.
Ədəbi əlaqələrin tədqiqatçısı olan marağı onu 1968-1971-ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına aparır. 1972-ci ildə “Azərbaycan-latış ədəbi əlaqələri tarixindən” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir.
Ə.Əfəndiyev 1973-1984-cü illərdə Azərbaycan dövlət İncəsənət Universitetində baş müəllim, dosent, kafedra müdiri, dekan müavini vəzifəsində çalışmışdır.
Ə.T.Əfəndiyev 1997-ci ildən 2000-ci ilə qədər Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. O, 2002-ci ilin yanvarından Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun “İnformasiya və biblioqrafiya” şöbəsinə rəhbərlik etmişdir.
Əmin Əfəndiyev Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Kitabxana direktorları Şurasının, Avroasiya Kitabxanalar Assambleyasının, Türkdilli Dövlətlərin Kitabxanalarının Assosiasiyasının, Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyasının və s. təşkilatların həm üzvü, həm də fəal iştirakçısıdır.
Azərbaycanın ədəbiyyatının, mədəniyyətinin və tarixinin ən görkəmli simalarına həsr edilmiş şəxsi biblioqrafiyaları çox dəyərlidir.
Əmin Əfəndiyev 9 mart 2015-ci il tarixində Bakı şəhərində vəfat etmişdir.
Ədəbiyyat: Zakirə ƏLİYEVA. "Elmə, mədəniyyətə təmənnasız xidmət nümunəsi". "525-ci qəzet". 22.05.2013.