Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

Azərbaycanın Milli Qəhəmanı Cavanşir Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur. O bir yaşında ikən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşdür. O, Suraxanı rayonundakı 104 saylı orta məktəbə getmiş, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirmişdir. Cavanşir idmanın karate növü ilə də ciddi məşğul olurdu. Qısa müddətdə idman ustası normasını ödəmişdi.
C. Rəhimov 1992-ci ilin aprel ayında hərbi xidmətə çağırıldı. Onun taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək düşmüşdü. Çox keçmədi ki, Cavanşir hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələndi. O zaman Zabratda yerləşən hərbi hissənin əsgər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdilər. C.Rəhimov da özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Onun sonuncu uçuşu isə əsl qəhrəmanlıq nümunəsi kimi döyüş tariximizə daxil oldu. 6 avqust 1992-ci ildə vertolyotun komandiri, baş leytenant Ruslan Polovinko və pulemyotçu Cavanşir Rəhimov səmaya qalxdılar. İki uçuşu müvəffəqiyyətlə başa vurdular. Cavanşir yaralanmasına baxmayaraq, növbəti uçuşa hazır olduğunu bildirdi. Komandir nə qədər təkid etsə də, onu inadından döndərə bilmədi. Mİ-24 vertolyotu yenidən səmaya qalxdı. Bu dəfə onlar raket atəşinə məruz qalırlar. Vertolyot müvazinətini itirsə də, döyüşçülər özlərini itirməmişdilər. Yerə enəndə artıq gec idi, vertolyot alova bürünmüşdü…
Cavanşir Rəhimov subay idi, ailə qurmağa imkan tapa bilməmişdi.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.
Cavanşir Rəhimov Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulmuşdur. 
Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun  və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan bütün oğullarımızin əziz xatirəsi qəlbimizdə yaşayacaqdır.