Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

     İmam Mustafayev 25 fevral 1910-cu ildə  Qax rayonunun Əmbərçay kəndində anadan olmuşdur. O, Azərbaycanın genetiki və seleksiyaçısı, biologiya elmləri doktoru (1964), professor (1965), Azərbaycan Elmlər Akademiyasının akademiki (1950), 1934-40-cı  illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini, 1940-54-cü  illərdə Azərbaycan Dövlət Nəzarəti Komissarının 1-ci müavini, Azərbaycan Xalq Torpaq Komissarının 1-ci müavini, Azərbaycan Kənd Təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1954-1959), Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri (1954-70), 1971 ildən həmin institutun direktoru olmuşdur.

     İ. Mustafayevin elmi tədqiqatı yerli buğda, arpa, çovdar və egilopsların toplanması və öyrənilməsinə, yeni məhsuldar sortların yaradılmasına, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqinə həsr olunmuşdur. O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər yetişdirmişdir. İ. Mustafayev "Sevinc", "Cəfəri", "Zoğal-buğda", "Arzu", "Gürgənə-1", "Turanikum-186", "Qızıl buğda", "Turgidum-7" və s. sortlar yetişdirmişdir. Bir sıra elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. İ. Mustafayevin kadrlar hazırlanmasında böyük xidməti vardır. Sovet İKP 19-21, Azərbaycan Kommunist Partiyası 17-22-ci qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin (3-5-ci çağırış) və Azərbaycan Ali Sovetinin (4–5-ci çağırış) deputatı olmuşdur. N. İ. Vavilov adına Qızıl medal, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 3 böyük qızıl medalını almışdır. Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.

     Əsərləri: Azərbaycanda buğdanın seleksiyası. B.-1956;

     Azərbaycanda buğda, çovdar, arpa və egilopsların öyrənilməsi haqqında materiallar. B.-1961

     Azərbaycanın buğda kolleksiyası. B.-1962;

     Azərbaycan bir çox buğda növlərinin vətənidir. B.-1964.

     İmam Mustafayev. Ömürdən səhifələr. film (1989).