Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

     Kərim Nəzir oğlu Ramazanov 1947-ci il mart ayının 1-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur. O, texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü, İqtisadi İnkişaf Nazirinin energetika məsələləri üzrə baş müşaviri, AMEA-nın Energetika və Enerjilayihə İnstitutunun şöbə müdiri, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı olmuşdur.

     Kərim Ramazanov 1969-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsini bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayaraq müxtəlif vəzifələrdə çalışmışdır. 1981-1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993-2002-ci illərdə direktoru vəzifəsində işləmişdir.. 1978-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. K. Ramazanov uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olmaraq 1993-cü ildən Azərbaycan Dövlət Netf Akademiyasının "Elektrik st ansiyaları" kafedrasının professoru olmuşdur. 1995-2000-ci illərdə 60 saylı Qax-Zaqatala Seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı idi. K. Razazanov Respublikada energetika sahəsinin fəaliyyətini tənzimləyən qanunların yazılmasının və qəbul olunmasının bilavasitə iştirakçısı olmuşdur. 1996-2002-ci illərdə Ali Attestasiya Komissiyası yanında doktorluq dissertasiyası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri işləmişdir. 2001-ci ildə Azərbayan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Büro üzvü, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının "Energetikanın kompleks problemləri" Problem Şurasının sədri olmuşdur. "Azərbaycan Respublikasının Yanacaq-Enerji Kompleksinin 2004-2015-ci illər ərzində perspektiv inkişafı üzrə Dövlət Proqramı"nın tərtib edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş işçi qrupun sədri və proqramın elmi rəhbəri olub. Beynəlxalq qurumlarda enerji sahəsində aparılan danışıqlarda Azərbaycan işçi qrupunun üzvü və eksperti kimi çalışmışdır.

     2002-ci ildən ömrünün son günlərinə kimi Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin enerji məsələləri üzrə baş müşaviri vəzifəsində çalışmış, AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətini davam etdirmiş, "Energetikanın problemləri jurnalı"nın baş redaktoru olmuşdur. 120-yə yaxın elmi əsərin, 3 ixtiranın müəllifidir. Dəfələrlə ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Türkiyə, İrlandiya, Hollandiya, Avstriya və s. ölkələrdə beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Çoxsaylı mükafatlara, dövlət təltiflərinə layiq görülmüşdür.

     29 yanvar 2012-ci ildə Bakı şəhərində vəfat etmiş və Qaxda dəfn edilmişdir.