Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

     Əhməd Cuma oglu Əhmədzadə — Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri.
    1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1961-çi ildə Qaxmuğal kənd orta məktəbini və 1966-cı ildə Azərbaycan Politexnik İnstitunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir.

     Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966- cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967-1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir. 1975-1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1976-1978-ci illərdə keçmiş Sovet İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya məktəbinddə siyasi təhsili almış, 1978-1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1987-ci illərdə Azərbaycan Komunist Partiyası Füzuli rayonunun birinci katibi, 1978-1991-ci illərdə Azərbaycan Komunist Partiyası Şəmkir rayonunun birinci katibi, 1991-ci ildə Şəki  şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. 1981-1995-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetiyanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədridir.

     Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olmuşdur. Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür. 2015-ci ildə Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Əhməd Cuma oğlu Əhmədzadə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
     Ailəlidir, üç övladı var.