Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

     Yəhya Kərimov 1927-ci ildə Qax rayonun İlisu kəndində anadan olmuşdur. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnistitutunu bitirmişdir.   

Yəhya Kərimov 30 ilə qədər naşiri və redaktoru olduğu “İbtidai məktəb və məktəbəqədər tərbiyə”  jurnalında böyük əzmlə çalışmışdır. 40 ildən artıq bir dövr ərzində bütün yüksək elmi, pedaqoji, etik-estetik keyfiyyətləri və mümkün qüsurları ilə ibtidai məktəbin ağır yükünü öz çiyinlərində daşımışdır. Buna görə də “Yəhya Kərimov” deyəndə bütövlükdə savad təlimi yada düşür. Azərbaycanda ibtidai təlimin elmi əsaslar üzrə qurulması və inkişafı Y. Kərimovun adı ilə bağlıdır. Görkəmli alimin çoxcəhətli elmi fəaliyyətində bu amil xüsusi əhəmiyyət kəsb edir. O, bu gün Azərbaycanın görkəmli alimləri sırasındadır. Pedaqoq alimin qələmindən çıxan "Əlifba" dərsliyi 45 il ərzində Azərbaycan xalqının balalarına xidmət etmişdir.

     Yəhya Kərimov təkcə dərsliklər tərtib etməklə kifayətlənməmiş, onlara metodik göstəricilərin yazılmasını da zəruri hesab etmişdir. Ağır və zəhmətli illərin bəhrəsi professor Yəhya Kərimovu Azərbaycan pedaqogikasının parlaq simalarından birinə çevirmişdir. Yəhya müəllim həyatının çox hissəsini kiçikyaşlı uşaqlara, məktəbəqədər tərbiyə və ibtidai təhsilə həsr edib. Bilik və bacarığını yalnız pedaqoji fəaliyyətlə məhdudlaşdırmayan görkəmli alim çoxlu sayda yüksək ixtisaslı elmi kadrların yetişməsinə bilavasitə rəhbərlik etmiş, onlarca gəncin alim kimi formalaşmasına istiqamət vermişdir.

     Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası", və s. monoqrafiyaların müəllifidir.

     1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir .Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

     "Qabaqcıl maarif xadimi", "Qabaqcıl maarif xadimi", "Azərbaycanın əməkdar müəllimi" fəxri adlardan sonra ölkə başçısı cənab İlham Əliyevin 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə tanınmış alim Yəhya Kərimov Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Respublika Prezidentinin 13 aprel 2009-cu il tarixli sərəncamına müvafiq olaraq alimə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.