Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Görkəmli şəxsiyyətlər
23 Fevral , 2015

     Şair, nasir, publisist, radio-tele jurnalist Gəray Fəzli  1925-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Gəray Fəzli Azərbaycanın dilbər güşələrindən olan Qax rayonunun İlisu kəndində boya-başa çatmışdı. Orta məktəbin sonuncu sinfində oxuyarkən dava başlayanda onun 17 yaşının tamamına bir neçə ay qalırdı. Gəncliyin romantik dünyası onu həddən artıq duyğulandırdığından müqəddəs yalan deməyə qərar vermişdi. O, rayonun hərbi komissarına yazdığı ərizədə yaşını bir il çoxaltmış və könüllü olaraq əsgərliyə getmişdi.

    Gəray Fəzli 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuş və dəfələrlə yaralanmışdır. Boğazından və qolundan ağır yaralandıqdan sonar cəbhədən tərxis olunmuşdur. Cəbhədən sonra orta təhsilini başa vuraraq Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Təyinatını döğma Qaxa almış, Güllük orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi, sonra direktor işləmişdir. Elə həmin illərdə respublika mətbuatında dərc olunmağa başlamışdır. Gəray Fəzli imzalı şeirləri oxucular tərəfindən rəğbətlə qarşılandı, ədəbi ictimaiyyətin diqqətini çəkdi. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. "İldırımlı dağlar" adlı kəskin süjetli romanı ona şöhrət qazandırdı. "Yeni ünvan" və "Səadətin ünvanı" şeirlər toplularını çap etdirdi. "Yeddi ulduzlu səma", "Gecə günəşi", "Kəhrəba işığında" və "Bir qəlbin asimanı" əsərlərinin, "Portret cizgiləri" seriyasından sənədli povestlərin, oçerklərin müəllifidir. Gəray Fəzli günün ən aktual problemlərinə dair dövrü mətbuatda publisist məqalələri ilə çıxış etmiş və oxucuları tərəfindən çox sevilmişdir.

     Gəray Fəzlinin zəngin iç dünyasından gələn şeirləri sevildi, onun sözlərinə yazılmış mahnıları Rübabə Muradova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Yalçın Rzazadə kimi korifeylər, Hüseynağa Hadıyev, Təranə Vəlizadə və başqa tanınmış sənətkarlar oxudular. Həyatın hər üzünü görən cəbhəçi-yazıçı allahın ona verdiyi ömür payının bütün məqamlarında ləyaqətini qoruyub saxlamağı bacaran, müvazinətini itirməyən şəxsiyyət idi. 

İstər al qumaşa tutalar məni

İstər yanar oda atalar məni

Səsləyə dənizlər, adalar məni

Sənsən son mənzilim, axır ünvanım

Azərbaycanım.- deyən Gəray Fəzli 1995-ci ildə dünyasını dəyişmişdir.