Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Rayon haqqında
26 Fevral , 2015

      Qax rayonunun Güllük kəndi yaxınlığında Armatay dağının zirvəsində Pəri qalası adlı məbədin qalıqları yerləşir. Qalanın yerləşdiyi dağın qolları Qax rayonun Zərnə, Zaqatala rayonun Gözbarax və Mamrux kəndlərinə qədər uzanır. Pəri qalasında ilkin tədqiqat işlərini 1974-75-ci illərdə D. A. Axundov aparmışdır. Məbədi təkrarən 1982-84-cü illərdə Ş. Fətullayev və G. Məmmədova öyrənmişlər. Həmin illərdə bu məbədin ərazisində A.Qaraəhmədova arxeoloji qazıntılar aparmışdır. Pəri qalası üzərində ilk tədqiqat işlərini aparan D. Axundov bu tikilinin inşa tarixini III-IV əsrlərə aid etmişdir. Onun gəldiyi nəticəyə görə məbəd ilkin təyinatına görə Albanların sitayış etdikləri İlahi uçlüyü-göy, günəş və ay tanrıları şərəfinə inşa etdirmişdir. Pəri qalası məbədinin oxşarları İtalyada Ravenna ərazisindəki San-vital və Qəbələ rayonundakı kilsə dağ məbədləridir. Pəri qalası rotonqa (dairəvi) formasında inşa edilmiş və sonralar xristianlıq ainlərinin keçirildiyi ibadətgah rolunu oynamışdır. Məbəd çox da böyük olmayan 8 güşəli həyətlə əhatələnmişdir. Hasarlar çay daşından tikilmişdir. Məbəddən təxminən 1 km aralıda dağın şərq enişində kiçik sövmənin qalıqları vardır. Məbəd kompleksinin əsasını diametri 10.7 m. olan naxışlı dörd sütündan-pilondan ibarət dairəvi formalı zal təşkil edir. Məbədin damı örtülü olmuş, bütövlüklə dağıntılara məruz qalmış, onun yalnız şərq istiqamətində yerləşən 2 cübbəxanası və mehrabın əsas tağı salamat qalmışdır.