Qax rayon Mərkəzi kitabxanası

Qax rayon
Rayon haqqında
26 Fevral , 2015

      Azərbaycan tarixinin tədqiq olunmasında qədim alban zamanından qalan məbədlərin önəmli yeri var. Məlum olduğu kimi, bu dövrdə alban tayfalarının əksəriyyəti Ay Tanrıçasına sitayiş edirdi. Albaniyada ay ilahəsi Selenanın şərəfinə Ay ilahəsi məbədinin də tikildiyi məlumdur. Bu faktı Qafqaz Albaniyasının müxtəlif yerlərində Ay Tanrıçası şərəfinə tikilən məbədlər və qurbangahlar da sübut edir. Bu məbədlərdən ən məşhuru tarixi ədəbiyyatda “Ay ilahəsi məbədi” kimi tanınır. Strabon və digər tarixçilərin haqqında məlumat verməsinə baxmayaraq, bu məbədin harada və necə olması haqqında dəqiq məlumat yoxdur. Daha sonra, xristianlığın yayılması ilə bu məbədlər kilsələrə çevrilib.      
      Kürmük kilsəsi, daha doğrusu “Aya sitayiş” məbədinin qalıqları kimi qeyd olunması vacib bilinən məbəddən bu gün cay daşı və əhənglə tikilmiş barı hissəsi qalmaqdadır. Məbəd qalıqları Kürmük çayının sahilində, Əmbərçay kəndinin yaxınlığındakı dağın zirvəsində yerləşir. Məbəd qalıqlarının yerləşdiyi ərazidə inşa olunmuş XIX əsrə aid pravoslav xristian kilsəsində 2005-ci ildə bərpa işləri aparılmışdır. 
      Ərazidəki tikililərin, kilsənin, yaxud məbədin qalıqlarının olması araşdırılmayıb. Qax rayonu ərazisində yaşayan xalqların xristianlaşdırmaq siyasətinin qurbanı olmuş Aya sitayiş məbədinin inşa tarixinin və dağılması tarixini dəqiqləşdirmək məqsədilə ərazidə arxeoloji qazıntı işlərinin  aparılmasına ehtiyac var.
      İnventar  №-si 4581 olan inşa tarixi XVIII əsrə kimi Gumrux kilsəsi adı ilə qeydiyyata düşmüş kilsənin həm adı, həm də inşa tarixi təhrif olunmuşdur. Azərbaycan Respublikası Dövlət tarix Arxivində saxlanılan müqəddəs keşiş İrodion Okropridzenin “İngiloy keşişliyində mövcud olan aşağı kilsə təşkilatçılarınin vəziyyəti haqqındakı 1892-ci il hesabatında” Gürmük kilsəsi haqqında məlumat verilir.
      Tarixi mənbədə “Kürmuğ” kilsəsinin Qafqazda Provoslav arxiyepiskopukluğunun bərpası təşkilatının və könüllü ianələr hesabına tikilməsi göstərilmişdir. Əhalinin qədim dövrdən müqəddəs saydığı ərazidə kilsənin inşa olunmasının səbəbi isə xristianlığı qəbul etməkdən yayınan əhalini zaman keçdikcə tədricən xristian dininə yönəltmək idi. (Əlavə məlumat üçün bax:”Yaddaş” qəzeti 15 iyul 2005-ci il. Kürmük məbədi ”Aya sitayiş məbədidir.”)