Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Rayon haqqında
26 Fevral , 2015

      Qax rayonu ərazisində digər maddi-mədəniyyət abidələri ilə bərabər müdafiə tikililərin də varlığı bu diyarın böyük strateji əhəmiyyətə, qədim və keşməkişli tarixə, zəngin tikinti təcrübəsinə malik olduğunu göstərir. Belə abidələrdən biri inşa tarixi  XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında “Sumu qala” adı ilə tanınan müdafiə qülləsidir.
      “Sumu qala “müdafiə qülləsi İlisu kəndinin “Bucaq məhəllə” adlanan  ərazisində, Kürmük çayının sol sahilində yerləşir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpucdən istifadə olunmuşdur.
“Sumu qala” plan quruluşuna görə kvadrat (6.22x6.02m) biçimdədir. Dörtmərtəbəli qüllənin iki mərtəbəsinin hər divarında 1 pəncərə və 2 mazğal qoyulmuşdur. Qüllənin 4-cü mərtəbəsi isə digər mərtəbələrdən fərqli olaraq daha iri ölçülü pəncərələrlə əhatələnmişdir.
      Rəvayətə görə, qüllə  Sumu və ya Ucmi xan adlı bir İlisu hakimi tərəfindən inşa edilmişdir. Abidənin sümük qala yəni sümük kimi möhkəm qala adı ilə bağlı olduğunu söyləyənlərdə vardır. 
      Bərpa zamanı “Sumu qala” nın torpaq  altında qalan hissə təmizlənərkən və kəşfiyyat xarakterli qazıntı  aparılarkən ona bitişik və ya yanında başqa bir tikilinin qalıqları aşkar olunmamışdır. Bu qüllənin Danyal Sultanın evinə bitişik tikilməsi barədə söylənilən fikirlərin əsassız olduğunu göstərir.
      İlk dövrdə sırf müdafiə qurğusu olan qüllə, həmdə yaşayış üçün istifadə olunmuşdur. İri ölçülü pəncərə gözləri bunu təsdiq edir. Güman ki, “Sumu qala” İlisu kəndi sultanlığın mərkəzinə çevrildikdən sonra tikilmişdir. Qafqaz müharibələri dövründə belə müdafiə qüllələrinin hesabına yerli əhali düşmənə müqavimət  göstərə bilmişdir.
      Hal-hazırda “Sumu qala” dövlət tərəfindən əsaslı şəkildə bərpa  olunmuşdur. Bərpa zamanı onun torpaq altında qalan hissəsi təmizlənmiş, yarımyculu vəziyyətdə olan axırıncı mərtəbəsi və dam örtüyü təmir olunmuşdur. Tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.