Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Rayon haqqında
26 Fevral , 2015

      Qax rayonunun İlisu kəndində yerləşən ölkə əhəmiyytli tarix və mədəniyyət abidələrinin biri də “Ulu Məscid” tikilisidir. “Ulu Məscid” İlisu kəndinin mərkəzində yerləşir. Kənd əhalisi bu tikilinini onun böyüklüyünə və qədimliyinə görə “Ulu Məscid” adlandırmışlar.
      Məscidin divarlarında çaylaq daşı üzərində həkk edilmiş kitabələrə əsasən demək olar ki, məscid hələ 1617-1618-ci illərdə  (XVIII əsr) mövcud  olmuşdur.
Məscidin tikintisində çaylaq daşından, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə  olunmuş, üstü  kirəmitlə örtülmüşdür.
      Düzbucaqlı plana malik məscidin əsas kompozisiya oxu şimal-cənub  istiqamətindədir.
Məscidin içərisi sütunlarla uzununa istiqamətdə üç bərabər hissəyə bölünmüşdür. İbadət salonu məscidin yan divarlarındakı sivri tağlı pəncərələr vasitəsilə işıqlanır. Pəncərələri “cəfəri” tipli  şəbəkə ilə tərtib olunmuş yan divarlar, eləcə də interyer sadə görünüşlüdür. Bununla belə memarlıq formalarının, sivri tağlar sisteminin ahəngdar biçimi interyeri  xeyli canlı göstərir.
Məscidin girəcəyində, qapının üstündən və yanlarında çaylaq daşı üzərində həkk edilmiş kitabələr hörülmüşdür. Kitabələrin üzərində bu tikilinin inşasına sərəncam vermiş şəxslər, onu inşa etmiş ustalar və ən nəhayət, məscidin inşa tarixi haqqında müfəssəl məlumatlar vardır. Kitabələr ərəb dilindədir və süls xətti ilə qabartma  üsulubuda həkk olunmuşdur.
Kitabələrə əsasən müəyyən olunmuşdur ki, məscidin inşasına sərəncam verən  İlisu sultanı Əli Sultan, məscidi tikmiş ustalar isə Məhəmməd, Əli Ağa, və Baba adlı ustalardır.
Kitabələrdən eləcə də aydın olur ki, “Ulu Məscid” 1700-1701-ci illərdə əsaslı sürətdə bərpa olunmuşdur.
Məscidi bərpa edən və onu genişləndirən ustaların Məhəmməd Vəli, Canay təxəllüslü Məhəmmədxan, Yəşkəri Kurkulu Molla Həsən, Saxurbu Dərviş, usta Məhəmməd Künaluy, Saxur Əbdül Vəli və İlisulu usta Übeydulla olduğu kitabələrin birində öz əksini tapmışdı.
      Digər bir kitabədə məscidin yenidən 1734-cü ildən Əli Sultanın oğlu Xəlil Sultanın sərəncamına əsasən genişləndirilməsi və təmiri haqqında məlumat verilir.
      “Ulu Məscid” bir sira mühüm tarixi hadisələrin şahidi olmuşdur. 1844-cü il iyun ayının 21-də İlisunu ələ keçirmiş rus çar qoşunları bütün kəndi dağıdıb talan etsələr də “Ulu Məscid” salamat qalmışdır.
       Hal-hazırda “Ulu Məscid” bərpa olunmuş və kənd müsəlmanlarının istifadəsindədir. Dövlət tərəfindən tarix və mədəniyyət abidəsi kimi qorunur.