Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Rayon haqqında
26 Fevral , 2015

      Bu abidə Qax rayonunun İlisu kəndini əhatə edən dağlardan birinin, Yezlidağın (Yazlıq) üstündə tikilib. Dağın belində vüqarla yüksələn Qalaça bütün kəndin, dərin dərələrin və gizli dağ cığırlarının üzərində hakim kəsilmişdir. Oradan ətraf ərazinin yaxşı müşahidə edilməsi qalanın nümunəvi keşikçi məntəqəsi olduğunu göstərir. Strateji baxımdan çox əlverişli mövqedə yerləşən qala, demək olar ki, əlçatmazdır. Onu tutmaq üçün qaladakı keşikçilərin gözləri önündə dağın yamacı ilə yuxarıya doğru qalxmaq lazım idi. Qaladan atılan atəş altında dik yoxuşu qalxmaqsa demək olar ki, mümkün deyildi.
Qala diametri 9,2 m. olan bürc şəklindədir. İkimərtəbəlidir. Tikintisində çay daşı və əhəng məhlulundan istifadə olunmuşdur. Qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır.
      Qalaça rus hakim dairələrinin göstərişi ilə tikilmişdir. 1805-ci ildə Əli Sultan hakimiyyətdən salınır, onun yerinə Əhməd xan keçir. Onun hakimiyyəti dövründə (1805-1830) sultanlıq ilə Car-Balakən camaatlığı arasında münasibətlər gərginləşir. Bunun əsas səbəbi Əhməd xan Sultanın apardığı ruspərəst siyasət idi. Bundan narazı olan Car-Balakən camaatlığı getdikcə İlisu sultanlığının daxili işlərinə qarışır və onun sərhəd kəndlərinə sahib olmağa çalışırdı. Belə bir şəraitdə Əhməd xan İlisu sultanlığının ərazi bütövlüyünü qoruyub  saxlamaq üçün Rusiyanın köməyinə bel bağlayırdı. Əhməd xan 1807-ci ildə Tiflisə gedir, oğlu Alxas bəyi əmanət verir ki, imperator I Aleksandra tabe olduğunu və ona sadiq olacağını bildirir. Bundan sonra Çar höküməti İlisuda öz qoşunlarını yerləşdirir və qalalar tikdirir. Güman ki, “Qalaça” və digər iki müdafiə tikilisi o dövrdə inşa edilmişdir. Qalaçadan İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür.
Qalaça tikilərkən dağın həmin hissəsində tikinti  materialları olmadığından yüzlərlə rus əsgəri dağ cığırı boyunca sıraya düzələrək  kəndin yaxınlığından axan Kürmüyün yatağından çay daşlarını bir-birinə ötürərək  dağın üstünə çatdırmışdır. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalanın torpağımıza rus təcavüzünün sübutu kimi tarixi əhəmiyyəti böyükdür.
      Qalaça maraqlı tarix- memarlıq abidəsi kimi  qorunur.