Qax rayon Mərkəzi kitabxanası

Qax rayon MKS
Rayon haqqında
26 Fevral , 2015

     İlusu Dövlət tarix-mədəniyyət qoruğu Azərbaycan Respublikası Mədəniyyət və     Turizm Nazirliyinin 26 mart 2002-ci il tarixli, 100 № li əmrinə əsasən yaradılmış və həmin Nazirliyin tabeçiliyindədir. Qoruq qədim İlisu yaşayış məskəninin tarixi ərazisini, onun mühafizə zonasını saxlamaq məqsədilə yaradılmış və onun vəzifələri aşağıdakılardır: 
1.  Qoruğun ərazisində tarix və mədəniyyət abidələrinin toxulunmazlığını təmin etmək.
2.  Biblioqrafik axtarışlarda, tarix-tədqiqat və arxeoloji qazıntı işlərində iştirak etmək
3.  Qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni abidələr aşkar edilərsə onların siyahısını tərtib etmək
4.  Tarix və mədəniyyət abidələrinin konservasiyası, bərpası və regenerasiyası işlərinin təşkilində yaxından iştirak etmək və bərpa olunmuş abidələSərgirdən gələcəkdə səmərəli istifadə etmək üçün təkliflər hazırlamaq
5. Sərgilər, fotostendlər, mühazirələr, ekskursiyalar təşkil etmək, elmi-kütləvi ədəbiyyatlar nəşr etdirmək yolu ilə qədim İlisu yaşayış məntəqəsinin elmi, tarixi və mədəni əhəmiyyətini təbliğ etmək
    Qoruq 195 kvadrat kilometr ərazini əhatə edir və buraya Qaxbaş kəndinin yuxarı hissəsi, Ağçay, İlisu, Sarıbaş kəndlərinin əraziləri daxildir. Burada qeydiyyata alınmış 2 ölkə əhəmiyyətli, 9 yerli əhəmiyyətli memarlıq abidəsi mühafizə olunur. Əlavə olaraq 9 memarlıq abidəsi,  9 epiqrafiq abidə, elmi inventarizasiyadan keçmək üçün təqdim olunmuşdur. Diqqəti daha çox cəlb edən tarix-mədəniyyət abidələri bunlardır:

  1. Kəndin mərkəzində yerləşən, XVII əsrə aid ölkə əhəmiyyətli memarlıq abidəsi Ulu məscid.
  2. Kəndin Bucaq məhləsində yerləşən XVII-XVIII əsrə aid olan ölkə əhəmiyyətli memarlıq abidəsi Sumu qala.
  3. Kürmük çayının üzərində salınmış XVIII əsrə aid olan memarlıq abidəsi Ulu körpü.
  4. Kəndin Qala məhləsində yerləşən XIX əsrə aid Bürc Qala kompleksi.
  5. Kənddən təqribən 5 kilometr qərb istiqamətində Qala dərəsindən yuxarıda yerləşən IX-XIV əsrlərə aid memarlıq abidəsi Cinli qala.
  6. Yezli dağda yerləşən XIX əsrə aid Qalaça
  7. Kəndin mərkəzində yerləşən XIX əsrə aid memarlıq abidəsi Beç bulaq və.s

      Bunlardan əlavə ilisu kəndini əksər evləri XIX əsrdə inşa edilmiş və özünə məxsus memarlıq üslubuna malikdir. Belə yaşayış evlərindən Qaradolaq məhəlləsində yerləşən Qocayevlərin yaşayış evi və Kərimovların yaşayış evi memarlıq və estetik cəhətdən diqqəti daha çox cəlb edir. Bütün bu yaşayış evləri və bütün memarlıq abidələri yerli materiallardan çaylaq daşı, əhəng məhlulu və bişmiş kərpicdən inşa olunmuş, damı kirəmitlə örtülmüşdür.
      İlisu Dövlət tarix-mədəniyyət qoruğunda hal-hazırda 9 nəfər işçi, o cümlədən mühafizəçilər, elmi işçilər və bələdçi çalışır və onlar ərazidə yerləşən tarix-mədəniyyət abidələrini mühafizə edərək onlar haqqında material toplayır, elmi cəhətdən öyrənir, gələn turist və ekskursiyaçılara onları tanıdaraq lazım olan materialları çatdırır, kütləvi informasiya vasitələrindən istifadə edərək onları təbliğ edirlər.