Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
16 Aprel , 2020

Xalidə xanım doğma vətən sevgisi, nisgilli yurd həsrətinin qəmli nəğməsi kimi səslənən, qəlbində insanlara məhəbbət, xeyirxahlıq, qayğıkeşlik bəsləyən, yenilməzlik duyğusu gəzdirənləri məftunluqla təsvir edən sənətkarlardandır.

                                                                                                                  Şair Hikmət Ziya 

 Müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələri arasında ömrünün ən gözəl illərini poeziyaya, ədəbiyyata həsr edən istəkli yazıçımız Xalidə Hasilovanın ədəbiyyat aləmində öz dəsti-xətti var idi. Onun sənətkar qələmindən çıxan “Unutmaram”, “Onun taleyi”, “Yasəmən budağı”, “Ana fəryadı”, “Nəğməli könül” və onlarca başqa əsərləri ədəbiyyat həvəskarları tərəfindən həmişə sevilə-sevilə və böyük maraqla oxunubdur. Həyatının mənasını doğma xalqına xidmətdə görən söz ustası çox vaxt el araslında olub, obrazlarını, qəhrəmanlarını da elə burda insanlar arasından tapıb. Xarici ölkələrə səfərləri zamanı o, elindən-obasından ayrı düşmüş həsrətli həmvətənlilərimizin qonağı olub, onların qohumlarının, əzizlərinin tapılmasında kömək edib, bir sözlə həmişə onların arxa-dayağı olub. Və belə görüşlər də onun əsərlərinə bədii və sənədli sujet verib. Xalidə Hasilova məhsuldar sənətkardır. Onun yaradıcılığının ən yaxşı keyfiyyətlərindən biri uşaqların dili ilə danışa bilməsidir.

***

Yazıçı Xalidə Məmməd qızı Hasilova 1920-ci il aprelin 19-da Zaqatala şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Zaqatala pedaqoji texnikumunda təhsil almışdır. Bir neçə il pedaqoji fəaliyyətlə məşğul olan yazıçı ali təhsil almaq üçün 1939-cu ildə Leninqrad Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Bakıya qayıtmış və təhsilini Azərbaycan Dövlət Universitetində Filologiya fakültəsində (indiki BDU) davam etdirmişdir.

 Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi, "Göyərçin" jurnalının baş redaktoru, uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır. Azərbaycan qadınlarının həyatından bəhs edən  "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır.

Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının

"İlk məktub" (1951),

"Lalənin kitabı" (1955),

"İki yoldaş" (1956),

"Nəğməli könül" (1976),

"Məhəbbət olmayanda" (1983),

"Çətin yollar boyunca" (1986),

"Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur.

X. Hasilova həmçinin “Kaman”, “Çəhrayı rəng”, “Ana fəryadı” povestlərinin, “Onun taleyi”, “Sular durulur”, “Ucqar bir kənddə” romanlarının da müəllifidir.

Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova

"Kiçik hekayələr" (1950),

"Lalənin kitabı" (1955),

"Ulduzlu papaq" (1960),

"Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir.

Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir.

N.Nosovun "Şən ailə" (1951),

N.Tixonovun "İgid partizan" (1955),

İlda Pereranın "Zənci balası Atolo" (1965),

 Ə.Nesinin "İndiki uşaqlar möcüzədir" (1972),

Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" (1992) və b. kitabları bu qəbildəndir.

Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır.

Bunlardan,

"Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında",

"Gözəl duyğular",

"Uşaqlara yüksək keyfiyyətli əsərlər verək",

"Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.

***

Xalidə  Hasilovanın dili sadə, səlis və rəvandır. Onun kiçik hekayələri uşaqların mənəvi cəhətdən tərbiyə olunmasına kömək edir. Bu hekayələr uşaqların söz ehtiyatlarının inkişafına bilavasitə xidmət edir.

Hər sənətkarın öz taleyində yetdiyi və yetəcəyi bir zirvə olur. Hansısa bir sənətkar barəsində fikirləşəndə, təbii ki, onun bütün yaradıcılıq bioqrafiyasına elə öz zirvəsində baxmalı olursan. Bu mənada unudulmaz yazıçımız Xalidə Hasilovanın “ Çəhrayı rəng” povestini dönə-dönə xatırlayırıq. Bu povest Xalidə xanımın bir yazıçı kimi ədəbi aləmdəki zirvəsi idi. Qürbətdəki qəriblərimizin vətən həsrəti, oğul gözləməkdən gözləri nurdan düşmüş ananın niskili, jurnalist qızın vətəndaşlıq borcu, fədakarlığı çox təbii və təsirli qələmə alınıb. Bu povest oxucunun ürəyində özünə yer tapan, maraqla qarşılanan nəsr nümunələrindən biridir. Təsadüfi deyil ki, respublikanın bir çox dövlət və xalq teatrları bu əsərə səhnə həyatı verdilər.

Teatr rejissorları da tez-tez Xalidə xanımın yaradıcılığına müraciət edərdilər. Müəllifin “Həsrət”, “Həyat özü bir nəğmədir”, “ Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli Könül” pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmuşdur. 

Xalidə Hasilova Azərbaycanın qadın yazarları arasında özünəməxsus uğurlu və məhsuldar yaradıcılıq yolu ilə keçmişdir. Xalidə Hasilova respublikamızın ictimai-siyasi həyatında da fəal ictimaiyyətçi olub. O, Azərbaycan Qadınlar Şurası rəyasət heyətinin üzvü, Bakı Şəhər Sovetinin deputatı, qadınların əməyi və analığı mühafizə komissiyasının sədri seçilmişdir.

Xalidə Hasilova Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Azərbaycan ədəbiyyatı və mətbuatında Xalidə Hasilovanın xidmətləri böyükdür. Məhz buna görə də yazıçı sağlığında müxtəlif dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür.

Xalidə Hasilova 5 dekabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir.

 ***

Mükafatları

Azərbaycan SSRİ Ali Sovetinin Fəxri Fərmanı – 18.05.1972

Azərbaycan SSRİ Ali Sovetinin Fəxri Fərmanı – 24.02.1979

Qırmızı Əmək Bayrağı Ordeni  – 18.04.1980

 ***

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 399.

İnternet: google.az