Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Tədbirlər
23 Aprel , 2020

Müdriklər deyirlər ki, çox vaxt insanın dünyaya gəldiyi fəsil onun təbiəti ilə uyğunluq yaradır. Bu baxımdan, Onu nur və həyat rəmzi də adlandırmaq olar. Çünki O, təbiətin oyandığı, torpağın canlandığı, istinin və işığın artdığı bir fəsildə dünyaya göz açmışdı. O, elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. O, sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilmişdi. Ömrü vəfa etsəydi, bir neçə gün sonra, O, 90 yaşını qeyd edəcəkdi. Lakin ətrafındakılara daim nur, eləcə də, yaşamaq və həyat eşqi bəxş edən bu dahi insan bu işıqlı dünya ilə elə aprel ayında da vidalaşdı...

Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 90-cı ildönümü tamam olur. Zərifə xanım 1923-cü ildə qədim Naxçıvan torpağının Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Atasının ömür yolu sonradan onun üçün əsl həyat məktəbinə çevrilib. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri, yaxşı bir təcrübə kimi, ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda onun köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq olub. Zərifə xanım Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.