Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xəbərlər
16 May , 2020
Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün Rusiyanın bütün muzeylərində "açıq qapı" elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər.Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı İsgəndəriyyə şəhərində yaradılmışdır. Burada 40.000-dən artıq eksponatlar - sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və birbirindən gözəl təsviri sənət nümunələri toplanmışdır. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, mədəniyyəti, eləcə də yunan-roma mədəniyyətləri haqqında zəngin məlumatlar verir.
İndi dünyada muzeylər çoxdur. Onlardan ən məşhurları Parisdə Luvr muzeyi (Fransa), Londonda Viktoriya və Albert muzeyi (Böyük Britaniya), İstanbulda Topqapı muzeyi (Türkiyə) və Sankt-Peterburqda Ermitajdır (Rusiya).
Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. XX əsrin əvvəllərində Bakı ticarət məktəbi nəzdində Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus texniki cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət göstərmişdir.
İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başladı. Sovet hakimiyyəti illərində Respublikada muzey şəbəkəsi daha da genişlənmişdi: Nizami adına Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir. İftixar hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır.
Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma altında muzey" adlandırmışdır.