Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qax MKS
Xəbərlər
22 İyul , 2020

Ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb və "Əkinçi"nin nəşri bütün Qafqazda əks-səda doğurub.

Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb.

Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında "Ziya" (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində "Molla Nəsrəddin" (1906), "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan" (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlə meydana çıxıb.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, onlayn xəbər portalları fəaliyyət göstərir.

Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 30 iyun, 2020-ci il tarixində Sərəncam imzalamışdır.